Burun tutulması, əzələ ağrıları, yüksək hərarət: “Yeni virus ölkəmizə də yayıla bilər” - XƏBƏRDARLIQ
Cəmiyyət
06.01.2025 15:36
Çin və Qazaxıstandan sonra Qırğızıstanda da yeni meydana çıxan metapnevmovirusa yoluxma halı qeydə alınıb.
Maraqlıdır sözügedən virusun ölkəmizdə də yayılma ehtimalı var?
Tanınmış həkim Adil Qeybulla bu barədə TodayPress-ə danışarkən bildirib ki, metapnevmovirus Azərbaycanda da yayıla bilər.
Onun sözlərinə görə, hazırda ölkəmizdə bu virusa yoluxma hallarının olub-olmadığını demək çətindir:
“Metapnevmovirus laboratoriya şəraitində identifikasiya olunmalı və onun nəticələri barədə insanlara məlumat verilməlidir.
Epidemioloji duruma gəlincə, COVİD-19 pandemiyası bitsə də, yeni epidemioloji ocaqlar yaranmağa davam edir. Koronavirusun “omikron” ştamının mutasiya variantları yaranır. Bundan başqa qrip hər il pandemiya xaric ayrıca bir infeksiya kimi mövcud olur. İndi də yeni bir mutasiyası yaranıb. Bu növdə yuxarı tələffüz yollarının bütün respirator infeksiyalarının ümumi əlamətləri var. Bu, burun tutulması, öskürək, bəlğəmin gəlməsi, baş ağrıları, əzələ ağrıları yüksək hərarət və ümumi halsızlıq kimi əlamətlərlə özünü göstərir”.
Həkim qeyd edib ki, Çində yayılan metapnevmovirus ,həmçinin digər virusların ölkəmizə gəlməsi realdır. Çünki demək olar ki, bütün ölkələrin Çinlə ticarət əlaqələri var. İnsanlar aktiv şəkildə bu ölkəni ziyarət edirlər. Buna görə infeksiyanın digər ölkələrə daşınması olduqca gözləniləndir”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən TodayPress-ə bildirilib ki, hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiyada müşahidə olunur. Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.
Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər. Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur. Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur.
Günəş Mərd
tag: Virus, Səhiyyə,Metapnevmovirus, Adil Qeybulla,
![photo](/uploads/news/677bbc75ca4f7.jpg)