Buraxılış kartı almayan sürücülərə sifariş ötürən operatorların cərimələnməsi başlandı
Cəmiyyət
01.07.2024 16:47
İcazəsi olmayan
hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə
sifariş ötürən taksi sifariş operatorları barəsində də İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Buraxılış kartı
almayan taksi sürücülərinə sifariş ötürən operatorların cərimələnməsinə
başlanıldı.
"Taksi fəaliyyətinə
dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya
sistemində "E-taksi" alt sistemi yaradılıb. Hazırda operatorlar
adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürürlər.
"E-taksi" xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin
olub-olmadığını izləmək mümkündür. Əməkdaşlar tərəfindən buraxılış kartlarının
yoxlanılması həyata keçiriləcək".
TodayPress xəbər
verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər.
Qurumdan
verilmiş cavabda bildirilib ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla
məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam
etdirirlər: "Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti
göstərmək istəyənlər 1 iyul tarixinədək icazə üçün müraciət edə bilərdi. Bu
gündən sonra isə yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün
müraciət edə biləcəklər. Həmçinin avtomobillərə "avro-5" standartı tələbi
də bu gündən qüvvəyə minir. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə
bağlı tələb 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə
olunması üçün idxal edilən və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə
şamil edilir. Bu günədək taksi fəaliyyəti üçün 11696 "Buraxılış
kartı" alınıb, 24482 sürücü təlimlərə cəlb edilib".
AYNA-dan
bildirilib ki, icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni
zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində
də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq
qaydada inzibati tənbeh tədbirləri görüləcək. Yeni qaydaların qüvvəyə minməsi
ilə taksi xidməti sahəsi tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq və
xidmət keyfiyyəti artacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti
üçün münbit şərait yaranacaq.
Qeyd edək ki,
markasından asılı olmayaraq, standartlara cavab verən bütün nəqliyyat vasitələri
taksi kimi istifadə oluna bilər. (sputnik.az)
tag: Taksi, AYNA, E-taksi,İnzibati Xətalar Məcəlləsi, todaypress.az,