“Bu verilişlər ailə dəyərlərini məhv edir” – SOSİOLOQ HƏYƏCAN TƏBİLİ ÇALDI
“Qərb mərkəzli institutlar Azərbaycanın ailə institutlarını hədəf alırlar, bu səbəbdən dəyərlərimiz yox olur”.
TodayPress xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən "Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində" adlı konfransda bildirib.
Onun sözlərinə görə, burada medianın da rolu var:
“Bu gün Əməkdar artist televiziyaya çıxıb boşanandan sonra gözəlləşmişəm deyir, digəri xəyanətini rahat-rahat etiraf edə bilirsə, demək televiziyalarda, mediada böyük problem var. Bu cür verilişlər ailə dəyərlərini məhv edir. Qərbdən çağırışlar olsa da, qloballaşmaya da dəyərlərimizi saxlayaraq uyğunlaşmalıyıq. Bizim ailə dəyərlərimiz hər zaman mükəmməl olmasa da, özü-özünü tənzimləyib”.
Ü. Şəfiyev televiziyada yayımlanan serialları ailə institutları ilə bağlı məsələdə təbliğat vasitəsi hesab edir:
“Heç vaxt Azərbaycanda ərsiz qadının uşaq dünyaya gətirməsi normal qarşılanmayıb. Amma indi yayımlanan seriallarda həmin adamlar baş roldadırlar. Sanki cəmiyyətə çağırış edib, mesaj verirlər ki, bu hal normaldır”.
Sosioloq sonda vurğulayıb ki, sosial dəyərlərimizi qoruyaraq gələcəyə ötürməliyik. Televiziya məkanında örnək ailələri göstərib, onların cəmiyyətə yansımasına çalışmalıyıq.
Qiymət Mahir
tag: Üzeyir Şəfiyev,Sosioloq,Ailə,Dəyərlər,Todaypress.az,
