Bu gün görünməz düşmənlə mübarizə aparanların peşə bayramıdır – ANAMA 26 il
Cəmiyyət
18.07.2024 14:53
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) təsis edilməsindən 26 il ötür.
TodayPress, bu münasibətlə agentliyi təbrik edir və işlərində uğurlar arzulayır.
1998-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsis edilən agentlik bu günə qədər əvəzsiz işlər görüb. Görünməz düşmənə qarşı gecə-gündüz mübarizə aparan ANAMA əməkdaşları yorulmadan xalqa xidmət edir.
44 günlük Vətən müharibəsi başa çatandan bu yana, agentliyin əməkdaşları işğaldan azad edilən əraziləri yaşanabilən yer halına gətirmək üçün canla-başla çalışır. 2020-ci ildən başlayaraq qurumun tərkibi də dəyişib, inkişaf etməyə başladı. Belə ki, qadınlar minatəmizləmə fəaliyyətinə cəlb edildi, agentliyin texniki imkanları və insan resurslarıyla yanaşı, əməliyyat metodları da təkmilləşdirildi.
“Böyük Qayıdış” çərçivəsində görülən işlər arasında ANAMA xüsusi yer tutur. Əsasən yaşayış infrastrukturunun yaradılması, nəqliyyat, energetika, kənd təsərrüfatı sahələri, sənaye parkları, eləcə də digər prioritet istiqamətlərdə aparılan təmizləmə əməliyyatları əllə minaaxtarma, xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
10 noyabr 2020-ci ildən bugünədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 148 min 842 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib, 124 min 567 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
Təəssüf ki, görünməz düşmən bu günə qədər yüzlərlə insanın həyatına son qoyub. ANAMA-dan TodayPress-ə verilən statistikaya əsasən 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 min 448 nəfər təşkil edib. Onların 358 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 10 noyabr 2020-ci ildən bugünədək 369 nəfər mina partlayışının qurbanı olub. Onlardan 69 nəfəri həlak olub, 300 nəfər isə xəsarət alıb.
İşini fədakarcasına və qürurla görən ANAMA əməkdaşları bundan sonra da qayıdış prossesini asanlaşdırmaq üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. Lakin bu yolda vətəndaşların üzərinə də ciddi məsuliyyət düşür. Qurum vətəndaşları sayıq olmağa, minalanmış əraziyə daxil olmamağa və məsuliyyətli davranmağa çağırır.
Töhfə Səməd
tag: ANAMA, Statistika,Sərəncam, Azərbaycan, todaypress.az,