Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Cəmiyyət
01.08.2024 11:10
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
TodayPress xəbər verir ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
Ulu öndər Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib.
Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. H.Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan ümummilli liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.
tag: Azərbaycan Dili, Əlifba, Bayram, Fərman, Heydər Əliyev,todaypress.az,