Böyük faciə, yoxsa iqtisadi üstünlük? : Kazinolarla bağlı nəyi bilməliyik? - EKSPERTLƏR DANIŞDI
“Bu gün həm dünyada, həm də Azərbaycanda kazinoya maraq göstərən insanların sayı kifayət qədərdir. Həmin insanlar bu ehtiyaclarını ölkə daxilində deyil, xaricdə - Avropa, Amerika, Gürcüstan və Rusiya kimi ölkələrdə ödəyirlər”.
İqtisadçı Akif Nəsirli bunu TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, kazinoları qadağan etməklə bu tələbatı dayandırmaq mümkün deyil.
"Nəticədə vətəndaşlarımız xərclədikləri pulla xarici ölkələrin dövlət büdcəsinə töhfə verirlər. Hazırda Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən xeyli sayda kazino var və vətəndaşlar bu tələbatlarını məhz həmin yerlərdə ödəyirlər. Bu da dövlət büdcəsinə heç bir fayda vermir".
Akif Nəsirli hesab edir ki, Azərbaycanda kazinoların məhdud və qanunla tənzimlənən şəkildə fəaliyyətinə icazə verilməsi həm iqtisadi, həm də sosial baxımdan müəyyən dividentlər gətirə bilər:
"Düzdür, bu məsələnin mənəvi və psixoloji tərəfləri də var. Bəzi insanlar, xüsusilə də psixoloji durumu zəif olanlar, imkanları olmadan belə kazinolara daxil ola və maddi ziyana düşə bilərlər. Bu, cəmiyyət üçün mənfi sosial nəticələrə səbəb ola bilər. Amma bu sahə qanunla elə tənzimlənə bilər ki, kazinolar yalnız məhdud formada və nəzarətli şəkildə fəaliyyət göstərsin, cəmiyyətə təsiri isə minimuma ensin".
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə bu mövzunu tənqid edərək, qumarın cəmiyyət üçün təhlükəli olduğunu bildirib.
O, TodayPress-ə açıqlamasında deyib ki, bu fəaliyyət həm dini-mənəvi, həm də sosial baxımdan böyük bir fəlakətdir:
"Qəti şəkildə bu cinayətə yol vermək olmaz, çünki faktiki olaraq qumar ən böyük, ən ağır cinayətlərdən və günahlardan biridir. İstər dini-mənəvi dəyərlər baxımından, istərsə də sosial cəhətdən bu, çox böyük bir faciədir. Bütün dünya tarixi də bunu göstərib, bugünkü vəziyyət də bunu aydın şəkildə sübut edir".
Sosioloqun sözlərinə görə, bu gün sosial şəbəkələrdə və internet saytlarında qumar reklamları kütləvi şəkildə yayımlanır, insanlar aldadılaraq bu tələyə salınır:
"Milyonlarla insanın pulları talanır. Şəhərin küçə və meydanları qumar nöqtələri ilə doludur. Lotoreyaların müxtəlif formalarda satışı insanların həyatını məhv edir, ailələri dağıdır, onları borc içində boğur, evlərini satmağa məcbur edir. Qumarla qazandığın hər manat başqasının göz yaşına, ailəsinin dağılmasına, uşağının ac qalmasına bərabərdir. Bu, insanları sosial-psixoloji cəhətdən məhv edir. Qumar və narkomaniya insan cəmiyyətinin ən rəzil hallarıdır".
Ekspert qumarın tam şəkildə qadağan edilməsinin vacibliyini vurğulayıb:
"Qumarla məşğul olanlar ciddi şəkildə cəzalandırılmalıdır. İstər dövlət səviyyəsində, istərsə də lisenziya almış formada olsun, bu sahə tamamilə ortadan yığışdırılmalıdır. Qumar sənayesi belədir ki, beş-on nəfərin milyardlar qazanması üçün milyardlarla insan məhv olur. Bundan nə ölkə, nə dövlət, nə xalq heç bir fayda götürmür. İstisnasız olaraq hamı uduzur, hamı ağır zərbə altına düşür".
Elçin Bayramlı qeyd edib ki, qarşımızda iki seçim var. Ya sağlam, dəyərlərə söykənən bir cəmiyyət qurmaq, ya da fəlakətə sürüklənmiş bir toplum olaraq məhv olmaq.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,Elçin Bayramlı,Kazino,Azərbaycan,Todaypress.az,

