"BakuBus" şəhərlərə də sərnişin daşıyacaq: Gediş haqqı artacaq? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət

20.08.2024 11:10

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Bakı-Zaqatala-Bakı”, “Bakı-Gəncə-Bakı”, “Bakı-Şəmkir-Bakı” və “Bakı-Mingəçevir-Bakı” şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub. Qaliblər isə “BakuBus” MMC, “Uğurlu Yol” MMC, fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğludur. 

TodayPress-in sorğusuna cavab olaraq AYNA-nın mətbuat xidmətindən bildirilib ki, vətəndaşlar əvvəlki qaydada biletləri "biletim.az" portalından və avtovağzalların kassalarından əldə edə bilərlər. Gediş haqqında heç bir dəyişiklik yoxdur. 

"Dəyişiklik ondan ibarətdir ki, əvvəllər müvafiq xəttlər üzrə köhnə avtobuslar gedirdisə, artıq onlar müasir və daha komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib. Yenilənmələr mərhələli şəkildə aparılır. Növbəti dönəmdə digər rayonlarımıza gedən avtobusların da yenilənməsi planlaşdırılır".

Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.

Töhfə Səməd

tag: BakuBus,AYNA, Kassalar, Biletlər,Gediş Haqqı, todaypress.az,