Bakının bitməyən parkinq problemi – EKSPERT MÖVQEYİ

Cəmiyyət

05.06.2024 17:50

Ölkəmizdə parkinq mədəniyyəti ilə bağlı ciddi promlemlər var. Bəzi sürücülər avtomobillərini piyada keçidlərinin tam üzərində park edir, bəziləri isə park etmə zamanı, ümumiyyətlə, heç bir qaydaya məhəl qoymur. Hətta elə sürücülər var ki, nəqliyyat vasitələrini avtodayanacaqlarda deyil, yaşayış binalarının həyətlərində saxlayırlar. Bu isə öz növbəsində həmin binada yaşayan sakinlərin haqqlı narazılığına səbəb olur. 

Mövzu ilə bağlı fikirlərini TodayPress-ə bölüşən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda ölkəmizdə park etmə ciddi problemə çevrilib:

“Biz demək olar ki, bunu hər gün yeraltı, yerüstü parkinqlərdə görürük. Xüsusilə xanım sürücülər tərəfindən parklanma ilə bağlı ciddi yanlışlıqlara yol verilir. 

Binaların həyətində yaranan parkinq problemi isə küçə parkinqlərinin ödənişli olmasından sonra yarandı. İnsanlar pul verməmək üçün binaların həyətinə doluşdular. İndi binaların həyətlərində o binada yaşamayan şəxslərin avtomobilləri belə park edilir. Artıq bina sakinləri polisə şikayət edirlər. Deyirlər, bizim binanın həyəti tanımadığımız  şəxslər tərəfindən zəbt olunub. Belə olanda da burada xaotik vəziyyət yaranır. Kim harada, necə gəldi maşın saxlayır”.

Onun sözlərinə görə, sözügedən problemin həlli üçün binaların həyətlərində parklanma nəzarətə götürülməlidir:

“Komendantlar ora ciddi şəkildə nəzarət etməlidir. Polis və AYNA da profilaktik tədbirlər görə bilər. Parklanma həssas bir mövzudur. Ölkəmizdə bu mövzu ilə bağlı maarifləndirmə işlərinə ehtiyac var. Təəssüflər olsun ki, bəzən illərin sürücüsünün də parklanma zamanı ciddi səhvlər etdiyini görürük”. 

Günəş Mərd

tag: Parkinq, Elməddin Muradlı, Komendant, problem, todaypress.az,