Bakıda tıxaclı yollara giriş ödənişli olacaq? - AÇIQLAMA

Cəmiyyət

30.11.2024 16:09

Nəqliyyat sıxlığını azaltmaq üçün dünyanın bir çox ölkələrində avtomobillərin müəyyən ərazilərə girişi ödənişlidir. Qardaş Türkiyə də artıq bu təcrübədən istifadə etməyə başlayıb. Belə ki, artıq İstanbulun Kadıköy və Eminönü vilayətində tıxacların intensiv olduğu bəzi yollardan istifadə üçün sürücülərdən ödəniş tələb olunur.  

Bəs belə bir təcrübə ölkəmizdə də sınaqdan keçirilə bilərmi?

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev bu barədə TodayPress-ə danışarkən bildirib ki, belə bir məhdudiyyət tıxac probleminin həlli yollarından biridir: 

“Fərqli ölkələrdə tıxacla bağlı fərqli təcrübələr var. Bu qaydaları heç də həmişə hər yerə tətbiq etmək mümkün deyil. Bəzi ölkələrdə avtomobilinin dövlət nömrə nişanı cüt olan sürücülər həftənin cüt günləri, tək olanlar isə tək günlər hərəkət edə bilirlər. Praktikada belə üsullar var. Amma inanmıram ki, hansısa yolların ödənişli olması qaydası bizdə tətbiq olunsun. Vətəndaşlar bunu müsbət qarşılamaz. Çünki, parkinqlər yaradılanda da onların pulsuz olmasını təklif edirdilər. 

Amma orada məqsəd pul qazanmaqdan daha çox parkinq yerlərini nizamlamaq idi. Aydın məsələdir ki, parkinq ödənişsiz olanda sürücülər səhərdən axşama qədər bir yeri məşğul edirdilər”.  

Ekspert qeyd edib ki, indi ölkəmizdə tıxac probleminin həll olunması üçün qarşıda duran əsas məsələ fərdi nəqliyyat vasitələrindən istifadəni azaltmaqdır. Bu səbəbdən əsas hədəfimiz velosiped, skuter, metro və avtobusların  işini təkmilləşdirmək olmalıdır. 

Günəş Mərd

tag: Nəqliyyat, Tıxac,Ödəniş, Avtomobil, todaypress.az,

photo