Bakıda qışa hazırlıq işləri hansı mərhələdədir? – RƏSMİ
Cəmiyyət
19.12.2024 15:55
“Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə vaxtaşırı müşavirələr keçirilir. Müşavirələrdə rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyəti araşdırılır, görülməli zəruri işlər müzakirə edilir”.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, indiyədək paytaxt rayonlarında keçirilən müşavirələrdə rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinin qarlı günlərdə üzərlərinə düşən vəzifələri tam şəkildə yerinə yetirmələri üçün hazır olmaları qeyd edilib. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alətin, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.
Rayonlardakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qarlı günlərdə Avropa ölkələrində də reallaşdırılan qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştiraklarına cağırış edilib.
Qışa hazırlığın diqqət mərkəzində saxlanılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin hər bir rayona təyin etdiyi cavabdeh şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə yerlərdə qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin, eyni zamanda, qarşıda duran vəzifələrin icra vəziyyətini mütəmadi yoxlayırlar.
Həmçinin qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinin diqqətinə həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsinin zəruriliyi çatdırılıb.
Keçirilən müşavirələrdə kəskin soyuq, qarlı-şaxtalı keçən günlərdə rayonların ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilib.
Müşavirələrdə bütün bunlarla bərabər, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, eyni zamanda, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükünün görüldüyü, işçilər arasında xüsusi iş qrafiki və növbətçiliyin təsdiq olunduğu bildirilib. Qeyd edilib ki, rayonlarda təsdiq edilmiş tədbirlər planına əsasən qərargah və operativ işçi qrupları yaradılıb, qış texnikası və nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib, texnikalara xidmət edən işçilərə isə təlimatlar verilib.
Günəş Mərd
tag: İcra ,Qış ,Hakimiyyət ,Şaxta ,Yol ,todaypress.az,
![photo](/uploads/news/6764075da9847.jpg)