Bakı yolları yeni sakinlərini qəbul etməyə hazırdır? - Rəsmi açıqlama
Cəmiyyət
27.08.2024 16:00
Yeni tədris ilinin başlanmasına az qalıb. Tələbələr, təhsil ocaqları artıq hazırlıq prosesinə başlayıblar. Görəsən, paytaxtın daim tıxaclı yolları da yeni sakinlərini qarşılamağa hazırdırmı?
Məsələ ilə bağlı TodayPress-ə danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, sıxlıq əsasən universitet ətrafında və təhsil müəssisəsinin önündə müşahidə ediləcək. Buna başlıca səbəb isə tələbələrin şəxsi avtomobilləri ilə dərsə gəlmələridir. Onun sözlərinə görə təhsil ocaqları ikinövbəli fəaliyyət göstərdiyi üçün sıxlıq əsasən səhər və günorta saatlarında - 13:00-15:00 arasında olur.
Ekspertin fikrincə, Qarabağ Universitetinin fəaliyyətə başlaması tıxacı xeyli azaldacaq:
“İşğaldan azad edilmiş ərazimizdə universitetin fəaliyyətə başlaması, son illərdə regionlarımıza marağın artması və s. amillər paytaxta gələcək axının az da olsa, qarşısını alacaq.Tələbələrin indi bölgələrə üz tutması müsbət haldır”.
Aslan Əsədov ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə (AYNA) TodayPress-in soğusuna cavab olaraq bildirilib ki, əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb.
Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb:
“Sıxlığın aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə layihələr icra olunur. Belə ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən bir sıra marşrut avtobuslarının dairəvi yol qovşağına qədər yürüş məsafəsi 900 m-ə kimi azalıb. Həmin ərazidə 31 xətt üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir.
Bundan başqa, Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində də yol hərəkəti yenidən təşkil edilib.
Həmçinin Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində də darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilib”.
Töhfə Səməd
tag: AYNA,Nəqliyyat, Bakı, Tələbələr, Sıxlıq, todaypress.az,