Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdi
Cəmiyyət
30.11.2024 08:08
Bu gündən "Həzi Aslanov"
stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması
ilə əlaqədar Bakı metropoliteninin "yaşıl" və "qırmızı"
xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik edilib.
TodayPress bu barədə "Bakı Metropoliteni"
QSC-yə istinadən xəbər verir.
Məlumata görə, təmir müddətində qatarlar
"qırmızı" xətt üzrə ("İçərişəhər" stansiyasından) və
"yaşıl" xətt üzrə ("Dərnəgül" stansiyasından)
"Əhmədli" stansiyasına qədər hərəkət edəcəklər. İş günlərində
qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki
qüvvədə qalacaq.
Günün pik saatlarında (07:00-10:00 və 17:30-19:30)
"28 May" - "Əhmədli" sahəsində qatarların hərəkəti 2
dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı
şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2.5 dəqiqə, bazar günləri isə eyni
vaxtda 3 dəqiqəyə bərabər olacaq.
"Bakmil" istiqamətində hərəkət edən qatarların
hərəkət cədvəli də bu gündən dəyişdirilib. "Həzi Aslanov" stansiyası
istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə
kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma
fəaliyyəti dayandırılmayacaq. Bu stansiyadan qatarların hərəkəti yalnız
"Əhmədli" stansiyasına və geri olmaqla təşkil olunacaq.
"Əhmədli" və "Həzi Aslanov" stansiyalarından qatarların
hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.
Yaşıl xəttin "Xətai" - "Cəfər Cabbarlı"
mənzili və "bənövşəyi" xətdə qatarların hərəkət qrafikinə dəyişiklik
edilməyəcək.
tag: Həzi Aslanov, Qatar, istiqamət, Metropliten, QSC ,todaypress.az,