Bakı metrosunda qatarlar yenilənir: Gediş haqqı artırılacaq? - RƏSMİ

Cəmiyyət

01.10.2024 18:00

Bildiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin sifariş etdiyi qatarlardan daha 2-si bir neçə gün bundan öncə paytaxta çatdırılıb. Qurumdan qeyd olunub ki, 3 il ərzində Bakı metrosuna daha 13 yeni qatar və yaxud 65 yeni vaqon gətirilməlidir. 

Sərnişinlərin bir qismi hesab edir ki, Bakı metrosunda qatarların yenilənməsi ilə gediş haqqı da artırılacaq.  

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov TodayPress-ə danışıb. 

Qurum rəsmisinin sözlərinə görə, hər bir qatar istismar müddəti başa çatdıqdan sonra xətdən çıxarılır və o yenisi ilə əvəzlənir. Bu prosedurun gediş haqlarının artmasına heç bir təsiri olmur: 

“Yeni qatarın gəlməsi artıq zərurətdir. Biz istismardan qatar çıxarırıqsa, yerinə başqa qatar qoymalıyıq. Qatarları adətən 1-2 ay öncədən alırıq. Çünki qatar ehtiyatımız hər zaman olmalıdır. Tarifi havayı etsələr də, artırsalar da,  yeni qatar alınmalıdır.  Bunun ona heç bir aidiyyatı yoxdur”.

B.Məmmədov sonda əlavə edib ki, 2024-cü ilin axırına qədər daha 5 yeni qatar xəttə çıxarılacaq. Gələn il isə daha 20 vaqon yəni, 4 qatar alınacaq. Bütün bu qatarlar istismardan çıxarılanlarla əvəz ediləcək.

Günəş Mərd

tag: Bakı,Metropoliten,Bəxtiyar Məmmədov,Gediş haqqı,todaypress.az,

photo