Bakı Ekspo Mərkəzində sərgilər keçiriləcək

Cəmiyyət

06.05.2025 11:48

13

13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək. 

TodayPress xəbər verir ki, sərgilərin ölkə üçün əhəmiyyətini ölkə başçısının bu tədbirləri ziyarət etməsi vurğulayır. 

Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur.   

Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3000-dən çox şirkət və 150,000-dən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb.

Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayəsi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır.

Eyni zamanda “InterFood Azerbaijan” sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun möhkəmləndirilməsində vacib rol oynayır.   

Hazırda “InterFood Azerbaijan”  və “Caspian Agro”  sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib. 

İştirakçı və ziyarətçilərin istəklərini nəzərə alınaraq bu il sərgilər 4 gün ərzində təşkil ediləcək.

Təşkilatçılar ümid edirlər ki, bu, sərgi iştirakçıları və ziyarətçiləri arasında qarşılıqlı əlaqə üçün yeni imkanlar yaradacaq və əlavə impuls verəcək.

Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır.

Sərgilər haqqında ətraflı məlumatı www.caspianagro.az www.interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.

tag: Bakı Ekspo Mərkəzi,Tədbir,Sərgi,Nümayiş,Todaypress.az,