Bahar Muradova: “Su nə qədər vacibdirsə, gender bərabərliyi də bir o qədər vacibdir”
Cəmiyyət
16.10.2024 10:27
“Qadınların bir çox təbii ehtiyacları var. Bunlardan biri də sudur. Azərbaycanda da təmiz suya ehtiyac kifayət qədər təmin olunmur. Düşünürəm ki, COP29 çərçivəsində qəbul olunacaq qərarlar, bütün dünyada suya çıxışın təmin olunması ilə gender bərabərliyini bir daha gücləndirəcək”.
TodayPress xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 təşkilat komitəsinin üzvü Bahar Muradova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, gender yanaşmalarını əsas götürən mütəxəssislərin fəaliyyəti burada mühüm əhəmiyyət daşıyır. Bundan başqa, xüsusilə ucqar rayonlarda suya olan ehtiyacın dərəcəsi araşdırılmalı, data analizlər edilməli və bundan sonra ona əsasən layihələr hazırlanmalıdır. Unutmayaq ki, su nə qədər vacibdirsə, gender bərabərliyi də bir o qədər vacibdir:
“COP29 təcrübəsi bizim üçün böyük əhəmiyyət kəsb edəcək. Çünki orada öyrənəcəyimiz təcrübələr bizim gələcəyimizə işıq tutacaq. Qanunvericiliyimiz də buna əsasən formalaşacaq”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatları, eləcə də tələbələr iştirak edir.
Töhfə Səməd
tag: COP29 ,ADA ,Azərbaycan ,BMT,Bahar Muradova ,todaypress.az,