Bahar Muradova: “Məişət zorakılığı baş verəndə ağla ancaq 1-2 sığınacaq gəlir”

Cəmiyyət

28.02.2025 11:10

903

 “Məişət zorakılığında hüquqi yardım ən vacib və əsas yerdə dayanır”. 

TodayPress xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı brifinqdə deyib.   

“Hərtərəfli yardım olmazsa, problem həll olunmuş sayılmır. Bu baxımdan, köməyin lazım olan yerə çatması üçün əlaqələndirmə qrupu yaradılmalıdır.  Hələ də bəzi məsələlər var ki, biz orada vəkillərin intusiyasına güvənməliyik. Maddi cəhətdən hüquqi yardım ala bilməyənlər üçün bu addım çox vacibdir. Bundan başqa, bütün imkanları yerində inkişaf etdirməliyik. Belə ki, hər hansısa hadisə baş verən zaman ağla dərhal 1-2 sığınacaq gəlir. Lakin bu belə olmamalıdır. Biz ərazilərdə də bu yöndə inkişaf etməliyik. Bu zaman yerində, adekvat yardım etmək mümkün olacaq”. 

Qeyd edək ki, məişət zorakılığının qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi  və onların hüquqlarının bərpası sahəsində dövlət orqanlarının  fəaliyyətlərinin əlaqələndirilməsi və görülən cavab tədbirlərinin monitorinqi üzrə mexanizm 2024-cü ilədək qanunvericilikdə nəzərdə tutulmayıb.

“Məişət zorakılığının qarşısının alınması haqqında” AR Qanununa edilən dəyişikliyə əsasən artıq bu mexanizm müəyyən edilib. 

Qaydaya əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 367 nömrəli Qərarı ilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində və bütün yerli icra hakimiyyətləri orqanlarında tərkibi ən azı 9 nəfərdən ibarət olmaqla məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları yaradılıb. 

Töhfə Səməd

tag: Məişət zorakılığı,Sığınacaq,Bahar Muradova,Ailə qadın və uşaq,Todaypress.az,