Bahar Muradova: “Forum ilk dəfə olaraq bütün regionlardan olan uşaqların iştirakı ilə keçirilir”

Cəmiyyət

05.12.2024 11:05

“İkinci Qarabağ müharibəsi və 23 saatlıq antiterror tədbirlərində əldə etdiyimiz qələbə nəticəsində Uşaqlarının Ümumrespublika Forumu ilk dəfə olaraq bütün regionlardan olan uşaqların iştirakı ilə keçirilir”. 

TodayPress xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib. 

Onun sözlərinə görə, 30 illik həsrətdən sonra ailələr, onların uşaqları öz doğma torpaqlarına qovuşur.

“Yeni həyat yeni fürsətlər açdığı kimi, yeni əməkdaşlıq platformalarının yaranmasını təmin edir. Bu baxımdan, mən bu forumu yüksək qiymətləndirirəm. Vacib hədəflərimiz insan kapitalı, onun inkişafı və təhlükəsizliyinin təmin olunmasıdır. Onun hərəkətverici qüvvəsi isə gənclər, uşaqlardır”.

O, qeyd edib ki, uşaqların təşkilatçılığı ilə keçirilən bu forum artıq ənənə halını alıb. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən forumda Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edir. Bu forum 2024-cü ilin şüarı olan “Yaşıl dünya naminə həmrəylik ili”nə əsaslanaraq “Uşaqlar və Ekologiya” kimi adlandırılıb. 

Töhfə Səməd

tag: Əməkdaşlıq, Qadın, Uşaq, Forum,todaypress.az,