Azərbaycanın hava limanları yaz-yay uçuş cədvəlinə keçir
Martın 30- dan Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçəcək.
Bu barədə TodayPress-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır.
Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər:
Avropa: Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt
Yaxın Şərq: Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat
Türkiyə: İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman
Mərkəzi Asiya: Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd
Cənubi Asiya: Dehli, Mumbay, Lahor, İslamabad
BƏƏ: Dubay, Əbu-Dabi, Şarja
Digər istiqamətlər: Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx
Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya mərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılar təqdim etməyə davam edir. Yeni uçuş cədvəli çərçivəsində gözləmə müddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlər təkmilləşdirilib və uçuş bağlantıları daha rahat şəkildə optimallaşdırılıb. Bu, üçüncü ölkələrə səyahət edən sərnişinlər üçün daha əlverişli imkanlar yaradacaq.
Yay mövsümündə uçuşlara tələbatın yüksək olacağını nəzərə alaraq, sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyə olunur. Hava limanında vaxt itkisinin qarşısını almaq və rahat səyahət etmək üçün öncədən onlayn qeydiyyatdan, eləcə də hava limanında yerləşən özünəxidmət köşklərindən (Self Check-In və Self-service Baggage Drop-Off) istifadə etmək mümkündür.
Bundan əlavə, sərnişinlərə planlaşdırdıqları səfərlərdən öncə cari uçuş cədvəlini yoxlamaları və mümkün dəyişikliklər barədə müvafiq aviaşirkətlərin rəsmi vebsaytlarından məlumat almaları tövsiyə olunur.
tag: AZAL,Yaz-Yay,Uçuş rejimi,Hava Limanı,Todaypress.az,