Azərbaycanda uşağı olmayanlar vergi ödəyə bilər: Qanun və cəmiyyət nə deyir? - ARAŞDIRMA
Cəmiyyət
16.10.2024 16:05
Rusiyada uşaqsızlığa görə verginin tətbiqi müzakirə olunub. Dövlət Dumasının deputatları arasında bu barədə fikir ayrılıqları yaranıb. Bir qismi əlavə verginin hələ övladı olmayan rusiyalı gənc ailələri ən azı bir uşaq sahibi olmağa sövq edəcəyini, digər qismi isə belə bir tədbirin vəziyyəti daha da pisləşdirə biləcəyini bildirib. Bununla bağlı hələlik konkret qərar açıqlamayıb.
Bəs demoqrafik təhlükənin qarşısını almaq məqsədilə analoji qanun ölkəmizdə qəbul oluna bilər?
Millət vəkili Fazil Mustafa bu barədə TodayPress-ə danışarkən bildirib ki, bu, olduqca absurd yanaşmadır:
“İnsanların ailə məsələsini qanunvericiliklə dəqiqləşdirmək, onu qarşıya tələb kimi qoymaq yanlışdır. Başqa formada stimullaşdırıcı addımlar atılsa, ailələr daha çox uşaq böyütməyə maraqlı olacaqlar. Amma uşağı olmayan ailələrə vergi tələbi qoymaq bir qədər insan haqlarına müdaxilə etmək kimi qiymətəndirilə bilər. Ona görə də bu məsələyə yanaşma heç bir halda müsbət qəbul edilə bilməz”.
Deputatın sözlərinə görə, Rusiya demoqrafik vəziyyəti dəyişmək niyyəti ilə belə bir qanunu qəbul etmək istəyir. Gələcəkdə Fransa da belə bir qayda tətbiq edə bilər. Ancaq ölkəmizdə belə bir qanunun tətbiqi birmənalı qarşılanmayacaq.
Sosioloq Üzeyir Şəfiyev isə məsələ ilə bağlı TodayPress-ə danışarkən qeyd edib ki, hazırda demoqrafik ləngimə qlobal miqyasda özünü göstərir. Son illər Azərbaycanda da təbii artım dinamikasında nisbətən enmə müşahidə olunur:
“Hətta 2023-cü ilin statistik təhlili göstərir ki, təbii artım dinamikası 15 faiz aşağı düşüb. Əvvəl gənclər ölkə əhalisnin 20-30 faizini təşkil edirdisə, indi bu rəqəm 20-21 faizdir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda da təbii artımla bağlı düşünməyə zərurət yaranacaq. Ancaq bunu daha rasional yollarla həll etmək olar. Məsələn, uşaqpulunun bərpası daha məqsədəuyğun olar. Yaxud gənc ailələrin mənzil məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı daha genişhəcmli tədbirlərin həyata keçirilməsi, gənclərin məşğulluq səviyyəsinin artırılması, region gənclərinin məşğulluğunun təmin edilməsi yolu ilə də təbii artımı təşviq edə bilərik”.
Ekspert sonda diqqətə çatdırıb ki, Rusiya Dövlət Dumasının deputatlarının təklifi birbaşa ailələrin daxili işinə qarışmaqdır. Sovet dönəmində də demoqrafik artımı təşviq etmək, Böyük Vətən müharibəsindəki itkilərin yerini doldurmaq üçün bir sıra addımlar atılıb. Ancaq uşağı olmayan ailələrin vergiyə cəlb olunması kimi qeyri-adekvat tədbir həyata keçirilməyib.
Günəş Mərd
tag: Cəmiyyət ,Rusiya, Azərbaycan ,Uşaq Pulu ,Vergi ,todaypress.az,