Azərbaycanda şəkər tozunun qiyməti artacaq? - Ekspert rəyi

Cəmiyyət

17.08.2024 11:57

Ölkəmizdə mürəbbə mövsümü başlayıb. Bu da təbii olaraq şəkər tozuna tələbatı artırıb. 

Bəs tələbatın artması şəkər tozunun qiymətinə necə təsir göstərəcək? 

İqtisadçı Xalid Kərimli bu barədə TodayPress-ə danışarkən bildirib ki, şəkər tozunun qiyməti dünya bazarında tənzimlənir: 

“Dünyada bazara şəkər məhsulu çıxaran ölkələr əsasən Braziliya və Hindistandır. Onlar da bu il bazara kifayət qədər məhsul çıxarıblar. Hətta bunu nəzərə alaraq, şəkər tozunun qiymətinin aşağı düşəcəyi gözlənilir. Bu baxımdan Azərbaycanda bu məhsula tələbat yüksək olsa belə, onun qiymətinin artacağını düşünmürəm”.

İqtisadçı Elçin Rəşid isə bu barədə TodayPress-ə açıqlamasında qeyd edib ki, şəkər tozunun qiymətinə təsir edən bir sıra amillər var: 

“Beynəlxalq daşınmalar, topdan satış və pərakəndə satış, ƏDV, gömrük rüsumu, sığorta - bunlar hamısı şəkər tozunun qiymətinin formalaşmasına təsir edən faktorlardır. Bunlarda hər hansı bir dəyişiklik olmayacağı təqdirdə qiymət stabil qalacaq”. 

Onun sözlərinə görə, Azərbaycan bazarında şəkər tozunun qiymətinin necə olacağını bilmək istəyiriksə, burada insanların tələbatını deyil, şəkər tozunun qlobal bazardakı qiymətinin dəyişməsini izləməliyik.     

Günəş Mərd

tag: Şəkər Tozu, Xalid Kərimli, Qiymət Artımı,Azərbaycan, Elçin Rəşid, todaypress.az,

photo
photo