Azərbaycanda Dövlət Bayrağı Günüdür
Cəmiyyət
09.11.2024 11:26
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
TodayPress xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il
tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi
qeyd edilir.
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu
kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə
çevrilib.
Azərbaycan
Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan
Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin
iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik
olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq
edilib.
1991-ci il
fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının
Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını
bərpa edib.
2004-cü il
iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları
haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama
əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və
diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər,
mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi
toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli
birliyi təcəssüm etdirir.
2009-cu ilin
noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən,
9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına
daxil edilib.
Bu il artıq
dördüncü dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan
torpaqlarında da qeyd olunur.
2023-cü il
sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ
iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması,
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan
azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi
məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan
bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri,
eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli
silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim
olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa
edilib.
Hazırda azad
edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.
tag: Azərbaycan, Bayraq günü,İlham Əliyev,Azərbaycan Xalq Cümhuriyyəti, todaypress.az,