Azərbaycanda Anım Günüdür
Cəmiyyət
27.09.2024 00:00
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi
təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin
təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində
canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
TodayPress xatırladır ki, artıq dördüncü ildir
sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti
strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də
ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.
Ötən illərdə olduğu kimi, bu il də Anım Günündə
şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə,
kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi
bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad ediləcək.
Beləliklə, bu gün Azərbaycanda Vətən müharibəsi
qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün
bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram
göstəriləcək.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına
əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü
yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin
ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd
edilir.
2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu
Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin
qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün
cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi
Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa
çatıb. Bütün bunlara Azərbaycan Ordusunun
2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı
Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ
iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması,
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan
ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun
zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali,
habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi
qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə
başlanılmışdı.
24 saatdan az müddətdə həyata keçirilən antiterror
tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan
ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni
xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata
keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.
Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu 192
hərbiçisi şəhidlik zirvəzinə yüksəldi.
Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri
nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi
torpaqları azad olundu. Bununla da Azərbaycanın bütün ərazilərində dövlət
suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.. Hazırda azad olunmuş
ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz
yurdlarına qayıdışı təmin edilir.
tag: Azərbaycan, Anım Günü, Vətən Müharibəsi, Şəhid, todaypress.az,