Azərbaycana ömür qısaldan yağlar gətirilib? – MÜHÜM AÇIQLAMA

Cəmiyyət

10.02.2025 11:44

“Azərbaycan ortalama insan ömrünün uzunluğuna görə dünyanın 190 ölkəsi arasında 115-ci yerdədir. Bunun başlıca səbəblərindən biri də qidalarda istifadə olunan keyfiyyətsiz yağlardır”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bunu TodayPress-ə açıqlamasında bildirib. 

O vurğulayıb ki, ölkəmizdə qida təhlükəsizliyi təmin olunsa da,  qidanın keyfiyyəti məsələsi hələ də həllini tapmayıb: 

“Azərbaycanda yerli normal yağ istehsalçıları var. Bununla belə üzərində inək şəkli çəkilmiş, təbii və keyfiyyətli yazılmış, lakin arxa tərəfində kiçik hərflərlə bitki yağları ilə qarışıqdır və s. yazılan yağlar da mövcuddur. Ciddi və prinsipləri olan marketlər şəbəkəsinə təhlükəli yağlar ,ümumiyyətlə, daxil olmur. Çünki Qida Təhlükəsizliyi Agentliyi daim etiket məmulatları və tərkibi təqib edir, yoxlayır və sənəd olmadan ciddi marketlər bu məhsulları götürmür.  Ölkəmizdə qeyri-təbii kərə yağları əksərən kiçik və məhəlli marketlərdə olur. Ara yerlərdə olan marketlərdə, bazarlarda insanlara kənd yağı adı altında ,əslində, marqarinlərin qarışığı olan ucuz yağlar satılır. Onları ayırd etmək çox çətindir. Təsadüfi bazarda “nənəmin nehrəsi”, “nənəmin yağı” adı altında satılan yağlardan uzaq olmaq lazımdır”.

Mütəxəssis təbii kərə yağını müəyyən etmək üçün istehlakçılara bir neçə tövsiyə edib: 

“Ümumiyyətlə, istehlakçı mağazaya daxil olan zaman yağları əli ilə sıxmaqla keyfiyyətini yoxlaya bilər. Hansı yağ daha sərt olsa, həmin yağ daha çox kərə yağıdır. Qarışıq yağlar nisbətən yumşaq olur. Həmin yağları əridərək də keyfiyyətindən əmin olmaq olar. Əgər kərə yağı bütöv şəkildə kiçilərək əriyirsə, təbii kərə yağıdır. Əgər suyun içərisində parçalara ayrılaraq əriyirsə deməli saxta kərə yağıdır”. 

E.Hüseynov  sonda diqqətə çatdırıb ki, qarışıq yağların tərkibində olan bitki yağının mənşəyi barədə Azad İstehlakçılar Birliyi keçən ildən Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələ qaldırıb.  Satışa çıxarılan yağların tərkibindəki bitki yağlarının mənşəyinin açıqlanaraq yayılmasını tələb edib.

“Çox təəssüfki buna nail ola bilməmişik.Bütün şübhəli durumlarda istehlakçıların AQTA-nın “1003” qaynar xətt telefonu ilə məlumat vermələrini tövsiyyə edirəm” deyə o əlavə edib. 

Nicat Osman

tag: Yağ,Keyfiyyət,Qida,Sağlamlıq,Kərə yağı,Ekspert,Eyyub Hüseynov,Todaypress.az,

photo