Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirildi - FOTO

Cəmiyyət

05.12.2024 12:53

Dekabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib. 

TodayPress xəbər verir ki, “Uşaqlar və ekologiya” mövzusuna həsr olunmuş forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun iştirakçılarına müraciətini oxuyub. 

Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edirlər.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdlrıb ki, İkinci Qarabağ müharibəsi və 23 saatlıq antiterror tədbirlərində əldə etdiyimiz qələbə nəticəsində Uşaqlarının Ümumrespublika Forumu ilk dəfə olaraq bütün regionlardan olan uşaqların iştirakı ilə keçirilir. 

Elm və təhsil naziri Emin Əmrullayev isə öz növbəsində Azərbaycanda təhsil alan uşaqların və dərs deyən müəllimlərin bu günkü statatistikasına nəzər yetirib.

“Bizim üçün ən vacib olan isə qız uşaqlarının təhsil almasıdır. Onların savadlı olması gələcək nəslin bilikli olması deməkdir. 4-cü sinifin sonunda apardığımız qiymətləndirmələrə əsasən son 10 ildə biz qızların nəticələrinin oğlanlardan daha yüksək olduğunu görürük. Lakin 15 yaşlılar arasında isə bu nəticə əksini nümayiş etdirir. Bunun başlıca səbəbi isə sosial problemlərdir. Biz bunu dərindən müzakirə etməliyik. Təəssüf ki, erkən nigah, təhsildən yayınma halları qeydə alınır. Bu təkcə həmin ailənin daxili məsələsi deyil, bütün cəmiyyətin məsələsidir” deyə o, əlavə edib. 

İqlim dəyişmələri və onların uşaqlara dəyən fəsadlarından danışan Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev qeyd edib ki, yaranan problemlərin həlli üzrə maliyyə resurslarının ayrılması vacibdir. Onun sözlərinə görə, iqlim dəyişmələri ilə mübarizə yalnız dövlətin deyil, gənclərin də fəal iştirakı ilə daha effektiv ola bilər. Gənclərin problemin həllində faktiv iştirakı, ekoloji maarifləndirmə proqramları iqlim dəyişmələri ilə mübarizəyə töhfə verir. 

Daha sonra UNİCEF adından onun Azərbaycandakı Nümayəndəsi Saca Faruq Abdullah nitq söyləyib. O, iqlim böhranının uşaqlara təsirindən danışıb: 

“Rəqəmlərə nəzər salsaq görərik ki, 1 milyard uşaq - bu, bütün uşaqların 50 faizidir, onlar iqlim dəyişmələrinin təsir etdiyi ən zəif ölkələrdə yaşayırlar. Bu dəyişikliklər ən çox təsir isə gənc qızlara göstərir. Xəstəliklərin 88 faizi isə 5 yaşından aşağı olan uşaqların payına düşür”. 

Forum çərçivəsində uşaqlar “Uşaq hüquqları: İnkişaf üçün birləşək - Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar - Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi - Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi - Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi - Təbiətin keşiyində”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti - Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq - təbiəti qoruyaq” mövzuları üzrə müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış edirlər. 

Qeyd edək ki, Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Keçirilən forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.

Töhfə Səməd

tag: Ümumrespublika, Uşaq, Forum,Ekoloji , Təhsil Nazirliyi, todaypress.az,

photo
photo
photo
photo