Azərbaycan teleməkanında ilk - Süni intellekt xəbər aparıcısı oldu

Cəmiyyət

27.07.2024 13:54

“Süni intellekt (Aİ) texnologiyası hazırda demək olar ki, bütün sahələrdə baş verən rəqəmsal çevrilmədir”.

Bunu TodayPress-in sorğusuna cavab olaraq, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, “ASAN xidmət” Azərbaycanda bir ilkə imza atıb:

“ASAN TV” və “ASAN Radio” inkişaf edən rəqəmsal dünyadakı innovasiyaları öz sahəsinə tətbiq edir. Belə ki, “ASAN TV” Azərbaycanda TV məkanında ilk dəfə süni intellekt vasitəsilə aparıcı hazırlayıb. Ötən ildən etibarən aparıcı radio vasitəsilə innovasiya xəbərlərini, yenilikləri dinləyicilərə çatdırırdı. “ASAN TV”nin açılması ilə bu yeniliyi TV-yə də tətbiq etdik”. 

E.Niftəliyev bildirib ki, hər həftənin cümə axşamı 17:00-da süni intellekt aparıcısı “ASANİYƏ” vətəndaşlara “ASAN xidmət”in sosial media platformaları vasitəsilə “İnnovasiya xəbərləri”ni çatdıracaq. 

Qeyd edək ki, ilk buraxılış iyulun 25-də baş tutub. “ASANİYƏ” gələcəkdə süni intellektin ələ keçirə bilməyəcəyi ən yaxşı 3 ixtisasın adını açıqlayıb. Onlar, alternativ enerji, biotibbi elmlər və inkişaf edən süni intellektin özü ilə əlaqəli sahələrdir.  

Töhfə Səməd

tag: Azərbaycan, Süni İntellekt, Asan TV, ASANİYƏ, Sosial Media, todaypress.az,

photo