Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır
Cəmiyyət
05.02.2025 21:13
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin
ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat
Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə
qərəzli yanaşmasını dayandırmır.
TodayPress "APA" ya istinadən xəbər
verir ki, ilkin hesabatdan Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş
həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində
4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin
təyyarəsinin Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində
GPS siqnallarının itməsi halı ilə üzləşdiyi aydın olur.
Hesabatda
qeyd olunur ki, hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən
Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya
qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı
üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata
alınıb.
CVR
və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci
kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci
hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını
itirməklə sıradan çıxıb.
Hava
gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar
olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin
füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox
sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.
Təyyarənin
füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində
formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin
quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim
edilməyib.
Təyyarənin
qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər
aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat
mətnində ictimaiyyətə təqdim edilib.
Hesabatda
bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir,
05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat
verir.
Hesabatda
oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat
qeyd olunmayıb.
Burada
sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal
qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.
Hesabatdan
bu çıxarışları verməkdə məqsədimiz Rusiya tərəfinə məsuliyyətini bir daha
xatırlatmaqdır. Belə ki, dünən hesabat yayılandan sonra Rusiyanın aidiyyəti
qurumları, xüsusən də “Rosaviasia” məsuliyyətdən yayınmaq üçün əsassız
açıqlamalarla çıxış edib. Bu məsələdə Rusiya mətbuatı da geri qalmır.
Görünən
budur ki, Rusiya tərəfi məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə
heyətinin üzərinə atmaq istəyir. Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin
açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın görmək
mümkündür.
Rusiya
tərəfi bununla “Malayziya Boing-2” vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq
ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, “Malaysia Airlines”
aviaşirkətinə məxsus “Boinq-777” təyyarəsi Ukraynanın cənub-şərq hissəsində
vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin
Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid
silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz
üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır.
Rusiya
rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı
addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin
araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey
deyir.
Hesabatdan
da göründüyü kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb,
ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri
05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə “Ковер” əməliyyatı
barədə Qoznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Burdan aydın olur
ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının “Ковер” əməliyyatından xəbəri ola
bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni gizlətmək istəyib.
Qazaxıstanın
açıqladığı ilkin hesabatda açıq şəkildə qeyd olunub ki, hava gəmisinin
füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və
foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr təyyarənin füzelyajının
arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə
sol qanadda və sol mühərrikdə aşkar olunub.
Təyyarənin
füzelyajında aşkar olunan zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb.
Hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt
barəsində məlumat təqdim edilməyib.
Bu
qədər açıq-aydın, faktlar və sübutlarla yazılmış hesabatın ardından Rusiya
tərəfinin öz israrından dönmək istəməməsini anlamaq mümkün deyil.
Kənar
obyektlərin təsirindən danışarkən vurğulamaq yerinə düşər ki, hazırda
Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə
hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan təyyarəsinə atəşin məhz bu
hərbi hissənin ərazisindən açıldığına dair məlumatlar var.
Atəş
əmri verənlərin və atəş açanların kimliyi Azərbaycan tərəfinə bəllidir.
Rusiyalı müstəntiqlər isə atəşin niyə açılmasının səbəblərini müəyyənləşdirmək
istəyir, dindirmə zamanı məhz bu suala cavab almağa çalışırlar.
Azərbaycan
tərəfinə atəşin hansı silahdan açıldığı da məlumdur. Azərbaycan hökumətindəki
mənbə fevralın 4-də “Reuters” agentliyinə bildirib ki, təyyarə Rusiyanın
“Pantsir-S” hava hücumundan müdafiə sistemi ilə vurulub.
“Azərbaycan
tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən
edilmiş “Pantsir-S” raketinin fraqmenti var”, - deyə mənbə bildirib.
Bu
qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa
istiqamətə yönəltmək niyyəti, günahı ekipajın üzərinə atmaq cəhdləri acı
təəssüf doğurur. Halbuki araşdırmalarda Qazaxıstanla yanaşı, Azərbaycan, Rusiya
və istehsalçı ölkə olan Braziliyadan olan mütəxəssislər də iştirak edir. Başqa
sözlə, ilkin hesabatda əksini tapmış məqamlar Rusiya tərəfinə də məlumdur.
Azərbaycanın
şərtləri, nə istədiyi bəllidir və bunlar ali səviyyədə də elan edilib. Artıq
qeyd olunduğu kimi, Azərbaycanın əlində təyyarənin vurulduğu “Pantsir-S”
raketlərinin hissələri də var. Sübut bazası formalaşır, faktlar, dəlillər
toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər
aparılır.
Bununla
belə, Rusiya ilə dialoq üçün qapı açıqdır. Moskva öz günahını açıq şəkildə
etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda Bakı növbəti addımlara
hazırdır.
Qeyd
edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın
Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak
olub, 29 nəfər yaralanıb.
tag: AZAL, Məhkəmə, Beynəlxalq, Aktau,Qazaxıstan, Rusiya, Azərbaycan, todaypress.az,