AZAL sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərdi
Cəmiyyət
14.01.2025 11:02
Heydər Əliyev Beynəlxalq Aeroportundakı qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.
TodayPress bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.
Məlumata görə, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.
Bakı aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən paytaxta yola düşəcək.
Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır.
tag: AZAL ,Uçuş, Təyyarə, Heyət, todaypress.az,