AZAL-ın qəzaya uğrayan təyyarəsinin kor zədələrində hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlandı
Cəmiyyət
04.02.2025 21:09
Qazaxıstanın Aktau şəhəri yaxınlığında
qəzaya uğrayan "Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli
sərnişin təyyarəsinin qalıqlarının kor zədələrində hava gəmisinə məxsus olmayan
kənar obyektlər aşkarlanıb.
TodayPress bu barədə Beynəlxalq Mülki Aviasiya
Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo
Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın
ilkin hesabatında qeyd olunub.
Hesabata əsasən, aşkarlanan kənar obyektlər götürülüb və
həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə
təqdim edilib.
Bildirilib ki, gələcəkdə aşkar olunmuş kənar obyektlərin
dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların
keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini
həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri
yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak
olub, 29-u sağ qalıb.
tag: Aktau, Təyyarə,Qazaxıstan, AZAL, todaypress.az,