AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı istintaqın nəticələri açıqlanacaq

Cəmiyyət

29.01.2025 14:50

AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasının nəticələri barədə məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TASS"a bildirib.

“Azərbaycanın müvafiq qurumları AZAL-ın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik” Hikmət Hacıyev qeyd edib.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

tag: AZAL,Təyyarə,Qəza,Hikmət Hacıyev,İstintaq,todaypress.az,