Azad olunmuş ərazilərdə ətrafı çirkləndirən şəxslər cərimələndi

Cəmiyyət

26.08.2024 18:20

Şuşa və Xankəndidə məişət tullantıları və tütün məmulatlarını tutumlardan (urnalardan) kənar yerlərə ataraq ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, onlara məlumatverici yaddaş vərəqələri paylanılır.

"Sanitariya-gigiyena qaydaları ilə bağlı vətəndaşların ən çox səfər etdikləri Şuşa və Xankəndi şəhərlərində avqust ayı ərzində ümumilikdə 46 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məişət tullantıları və tütün məmulatlarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə məsuliyyətə cəlb olunub. Qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri davam etdirilir. Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır" deyə məlumatda qeyd olunub.

tag: Sanitariya, Polis, Vətəndaşlar, Şuşa, Xankəndi, todaypress.az,