Avtobus sürücüsü sərnişinlərdən əlavə ödəniş tələb etdi: Günahkar cəzalandırılacaq? - AÇIQLAMA

Cəmiyyət

25.11.2024 18:38

Nəqliyyatda yaranan əsas probelmlərdən biri də mövcud olan avtobusların artıq köhnəlməsi və yenilənmə vaxtının çatmasıdır. Bu səbəbdən tez-tez ictimai nəqliyyatın xarab olması, tüstüləməsi və ya mühərrikinin xarab olması halları ilə qarşılaşırıq. Sözsüz ki, sərnişinin “A” nöqtəsindən “B” nöqtəsinə çatdırılması ictimai nəqliyyatın ən başlıca vəzifəsidir. 

TodayPress-ə daxil olan şikayətlərə əsasən ötən gün 165 nömləri avtobus hərəkətdə olarkən mühərrikində yaranan problemə görə, sürücü sərnişinlərdən nəqliyyatı tərk etmələrini söyləyib. Bildirib ki, növbəti gələn reys ilə heç bir əlavə ödəniş etmədən gedə bilərlər. 

Lakin Binəqədi sakinləri deyir ki, bir neçə dəqiqə sonra həmin əraziyə çatan digər 165 nömrəli avtobusun sürücüsü onlardan kartlarını aparata oxutmalarını tələb edib. Bu zaman vətəndaşlar arasında ciddi narazılıq yaranıb. Onlar avtobusda yaranan nasazlığın sakinlərin problemi olmadığını və əlavə ödəniş etmək məcburiyyətində olmadıqlarını bildirib. Bəs həqiqətdə bu necədir? Belə olan halda vətəndaş əlavə ödəniş etməlidirmi?

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, nəqliyyat vasitəsinin nasazlığı səbəbindən hərəkətini davam etdirə bilməyən sərnişinlər ehtiyat nəqliyyat vasitəsilə təmin edilməli, yaxud növbəti avtobusla yola salınmalıdır. Bu zaman həmin sərnişinlərdən əlavə ödəniş tələb olunmamalıdır. 

Mətbuat xidmətinin sözlərinə görə, daşıyıcılarla keçirilən görüşlərdə bu kimi məsələlərə diqqətlə yanaşmaq tapşırılır.

Lakin görünür bəzi sürücülər bu məsələyə əhəmiyyət vermir və qanunsuz olaraq sərnişinlərdən əlavə pul almağa davam edir. 

Töhfə Səməd

tag: Nəqliyyat, AYNA, Binəqədi, Avtobus, Ödəniş, Sakinlər, todaypress.az,