“Atam dedi ki, get dilən, ailənin qayğısına qal” - Sürücülərin yolunu kəsən dilənçilər

Cəmiyyət

22.08.2024 14:22

Bakıda insanların sıx toplaşdığı ərazilərdə, xüsusilə də metro çıxışlarında qaraçı və dilənçilərin əlindən tərpənmək mümkün deyil. Əvvəllər bu vəziyyətdən piyadalar şikayət edirdisə, indi bu siyahıya sürücülər də əlavə olunub.

TodayPress xəbər verir ki, paytaxtın Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində gedən yolda bir qrup qaraçı maşınlar hərəkətdə olarkən onlara yaxınlaşmaqla həm özlərinin, həm də nəqliyyat vasitəsində olan şəxslərin həyatını ciddi təhlükə altına atırlar. Əsasən axşam saatlarında müşahidə edilən bu mənzərə insanı dəhşətə gətirir. Qucağında körpə uşaqla hər ötən maşının üstünə atılan qadın pul qazanmaq adı ilə ciddi formada ictimai asayişi pozur və dilənçilik edir. Yetkinlik yaşına çatmayan bir neçə uşaq isə əllərində plakat tutaraq tıxacda duran maşınlara hücum çəkib, pul istəyirlər.

10 yaşlı qaraçı oğlan uşağı bizimlə söhbət zamanı bildirdi ki, bu işə onu ailəsi vadar edib:

“Atam indi həbsdədir. O, mənə dedi ki, get dilən, ailənin qayğısına qal. Atam mənə söz verdi ki, həbsdən çıxandan sonra market açacaq, mən də orda işləyəcəm”.

Nə qədər acınacaqlı mənzərə olsa da, reallıq ondan ibarətdir ki, bu şəxslər həmin ərazidə qanunsuz formada fəaliyyət göstərir və ictimai asayişi pozurlar. Vətəndaşlar, xüsusilə də sürücülər bu vəziyyətdən olduqca narazıdırlar. Məsələnin necə həll olacağı isə hələ ki, sual altındadır. 

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə yetkinlik yaşına çatmayan şəxsin valideyni və ya digər yetkinlik yaşına çatmış şəxs tərəfindən dilənçiliyə sövq edilməsi faktları aşkarlandıqda həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür. Şəxslər qeydiyyatda olduğu əraziyə göndərilir və yaxud da həmin şəxslərə pul cəzası yazılır, ya da müəyyən müddətədək inzibati həbs tətbiq edilir. Diləndirilən azyaşlı isə vəziyyətdən aslı olaraq sığınacağa yerləşdirilir.

Töhfə Səməd

tag: Bakı, Qaraçı, Sürücülər, Narahatçılıq ,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi, todaypress.az,