Araz Elsəs: “Traktor” “Neftçi” ilə, “Qarabağ”la oynayacaq” – MÜSAHİBƏ
“Traktor” un çempionluğu bizim millətimizin, özəlliklə də Güney Azərbaycan milli hərəkatının uğurudur”.
Güneyli ozan Araz Elsəs bunu TodayPress-ə müsahibəsində deyib.
O bildirib ki, bu uğuru eşitdikdə bütün azərbaycanlılar kimi çox sevinib.
“Bilirsiniz, İranın mühiti çox qapalıdır. İranda çalışmaq, siyasi fəaliyyət göstərmək çox çətin məsələdir. Bura Azərbaycan, və ya dünyanın başqa ölkələri kimi deyil. Ona görə insanlarımız bir bəhanə axtarırlar ki, milli haqlarını dilə gətirsinlər, bir yerə toplansınlar, bir olsunlar, bir yerdə olsunlar. “Traktor” klubunun bu məsələdə böyük rolu oldu. Bu klub insanlarımızı ətrafında birləşdirdi, onları stadionlara doldurdu və stadionlardan millətimizin milli haqlarını bağırmağa başladılar”.
Araz Elsəs əmindir ki, “Traktor” klubu gələcəkdə daha böyük uğurlar qazanacaq:
“Bu gün “Traktor” Asiya ilə oynayır, Azərbaycan bütövləşdikdən sonra isə bu komanda “Neftçi” ilə, “Qarabağ”la oynayacaq. O günlərə çox qalmır. Düşünürəm, bu millətimiz üçün böyük uğurdur. Uğurların ən böyüyü isə Təbrizdə azərbaycanlıların qurtuluşu olacaq. Güney Azərbaycanın qurtuluşu Arazda olacaq. Millətimiz Arazda şahlanacaq, Güneydən, Quzeydən Araza axışacaq. O günləri görmək ən böyük arzumdur”.
Güneyli ozan vurğulayıb ki, bütöv Azərbaycanı görmək hamımızın arzusudur.
tag: Araz Elsəs,Müsahibə,Traktor,Qarabağ,Neftçi,Todaypress.az,