Ağdamın işğaldan azad olunmasından 4 il ötür
Cəmiyyət
20.11.2024 01:00
Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür.
TodayPress-in xəbərinə görə, bu əlamətdar günün təsis
olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad
edilməsi tarixi ilə bağlıdır.
Belə ki, dörd il bundan əvvəl, bu gün, yəni noyabrın
20-i şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq
qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq
Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı
əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal
altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd,
qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış
məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.
Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı
dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da
təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla
canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük
hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.
Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından,
Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və
ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi
taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki
Azərbaycan ordusu bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu
isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq,
düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan
Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri
boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi
uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə
vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi
rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.
Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin
qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi
texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın
hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin,
Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin
2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam
rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal
altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan
Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı
sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə
qeyd ediləcək.
Ağdam rayonu 1993-cü il iyulun 23-də
erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində
yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin
əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin
105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67
idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun
işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və
milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə
6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.
tag: Azərbaycan, Ağdam, Ermənistan, Vətən, İşğal, todaypress.az,