27 milyonluq “Badımcan taksi”lərin aqibəti necə olacaq? - Araşdırma

Cəmiyyət

08.08.2024 13:10

2011-ci ildən etibarən rənginə görə “badımcan taksi” kimi yaddaşlara qazınan “TX4” markalı “London taksiləri” yavaş-yavaş Bakı küçələrində öz sıralarını almağa başladı. Quruluşüna görə digərlərindən fərqlənən bu minik avtomobilləri elə adı kimi, ilk baxışda Londonu xatırladırdı. Buna görə də insanlar tərəfindən olduqca maraqla qarşılanmışdı. Lakin saman alovu kimi tez alışan bu həvəs gün keçdikcə solmağa başladı. 

Maraq üçün bildirək ki, göz oxşayan bu rəngli ictimai nəqliyyat vasitəsinin 1000 ədədinin Bakıya gətirilməsi 27 milyon ABŞ dollarına başa gəlmişdi. Bu günün valyutası ilə çamadan-çamadan pul edən bu taksilər indi Bakının Lökbatan qəsəbəsində çürüməyə məhkum edilib. 

“Badımcan taksilər”in aqibəti ilə bağlı TodayPress-ə danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirdi ki, "London taksi”ləri özlərini doğrultmadı. Bu avtomobillərin ehtiyat hissələri çox baha olduğundan və ölkəyə çətin idxal edildiyindən, həmçinin gömrük rəsmiləşdirilməsi zamanı yaranan bəzi problemlər mövcud durumun yaranmasına gətirib çıxardı. Ekspert vəziyyətin həlli ilə bağlı maraqlı təklif irəli sürdü:

“Ən yaxşı halda onlar utilizasiya prossesinə cəlb edilə və yaxud da hər hansısa şirkət, zavodla razılığa gəlib, həmin avtomobillərin dəyərinə yenilərini almaq olar. Yəni daha müasir, komfortlu, o cümlədən də ekonom sinifə daxil olan miniklərlə əvəz etmək mümkündür. Əgər avtomobil sərfəlidirsə, yəni aşağı büdcə ilə yüksək qazanc gətirirsə, onu hər hansısa yolla istifadə etmək olar. Lakin bunu "London Taksi"lərinə şamil etmək olmaz”. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TodayPress-ə bildirildi ki, “London taksiləri”nin əksəriyyətinin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan taksilərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək. 

Qeyd edək ki, 2011-ci ildə Azərbaycana gətirilən “London” taksiləri Lökbatan qəsəbəsindəki qarajda toplanılır. Bu avtomobillərin tamamilə yararsız hala düşməsilə bağlı fotolar bir neçə gündür sosial medianın gündəminə çevrilib. Vətəndaşların fikrincə avtomobillərin orada qalıb çürüməyindənsə, təmir edilərək ehtiyacı olan təbəqələrə verilməsi daha yaxşı olardı. 

Töhfə Səməd

tag: Azərbaycan, London taksi, Lökbatan, Vətəndaşlar, AYNA,Aslan Əsədov, todaypress.az,

photo