25 minlik əhalisi olan rayonun unudulan yolu - Sakinlər narazıdır
Cəmiyyət
30.09.2024 17:50
Hazırda paytaxtın bir sıra yollarında təmir işləri gedir. Bəziləri yenidən salınır, bəzilərində isə əskik olan işlər tamamlanır. Amma çox təəssüf ki, bu mənzərəni bölgələrdə hiss etmirik. Rayon və kəndlərdə vəziyyət heç də ürəkaçan deyil. Elə Göyçayın ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən Qaraməryəm-Müsüslü yolu kimi. 25 minlik əhalisi olan rayon camaatı ünvana rahat və vaxtında çata bilməmələrindən, eləcə də avtomobillərinin tez-tez sıradan çıxmasından şikayətlənirlər.
Məsələ ilə bağlı TodayPress-ə danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, İsmayıllı-Qaraməryəm-Müsüslü dövlət əhəmiyyətli yollar sinifində ikinci kateqoriyaya aiddir. Bu yolun əhəmiyyəti ondan ibarətdir ki, respublikanın Mərkəzi Aran bölgəsinin şimal-şərq, şimal-qərb rayonlarını, o cümlədən Mərkəzi Aran bölgəsini dağlıq ərazilərlə birləşdirən ən qısa vasitədir. Yolun 2013-cü ildə Qaraməryəm-İsmayıllı regionların iqtisadi inkişafı planına əsasən 42 km-lik hissəsinin təmir olunmasına baxmayaraq, yerdə qalan 22 km-lik hissə hələ də bərbad vəziyyətdə qalır:
“Aidiyyatı qurumların sözlərinə görə, bu yolun təmir olunmamasının əsas səbəblərindən biri yol üzərində yerləşəcək yol ötürücü qurğuların daha çox pul vəsaiti tələb etməsi və kapital həcminin artırılmasıdır. Əslində isə bu, belə deyil. Aidiyyatı qurumlar birgə monitorinq keçirərək, yol üzərindəki körpülərə və mühəndis qurğularına nəzər yetirə bilərlər. Bu zaman məlum olacaq ki, həmin yolda o qədər də ciddi maliyyə tələb edəcək problemlər yoxdur və rahatlıqla təmir işləri aparıla bilər”.
Ekspertin sözlərinə görə, həmin yol Göyçay, Kürdəmir, İmişli, Şirvan, Ucar, Zərdab, Hacıqabul rayonlarının Qəbələ, Şəki və Oğuz kimi turistik bölgələrə çıxışını təmin edə bilər. Bundan başqa, yol gündəlik olaraq təxminən 15-16 kəndin istifadəsindədir. Buna görə də, əhalinin rifahı üçün qeyd edilən ərazi tez bir zamanda təmir edilməlidir.
Töhfə Səməd
tag: Nəqliyyat, İnsanlar, Yol, Rayon, Kənd, Göyçay ,Qəbələ, İmişli, Monitorinq ,todaypress.az,