2 fevral - Gənclər günüdür

Cəmiyyət

02.02.2025 13:15

2 Fevral - Gənclər Günü 1997-ci ildən etibarən Azərbaycanda gənclər siyasətinə verilmiş dəyərin təzahürü olaraq, təntənəli şəkildə qeyd edilir. 

TodayPress xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə ölkəmizdə gənclər üçün xüsusi bir gün təsis olunub. 

Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 Avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Hazırda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur. Bütün bunların nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, onların ictimai həyatda rolu önəmli dərəcədə artıb.

Bundan başqa, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" da hazırda uğurla icra edilir. Hər il 10 nəfər gəncə fərdi təqaüd verilir. 

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

tag: Gənclər günü,BMT,2 fevral,İlham Əliyev,todaypress.az,