18 min nəfərə niyə 1 ambulans düşür? – RƏSMİ AÇIQLAMA

Cəmiyyət

03.06.2024 16:13

“Paytaxtda18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. Deputatın səsləndirdiyi fikir sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

TƏBİB-dən TodayPress-in sorğusuna cavab olaraq bildirildi ki, Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur:

“TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Hazırda restrukturlaşdırma işləri həyata keçirilir. Əvvəllər qeyd olunan müəssisələr üzrə çalışan kadrların yeni Mərkəzin strukturuna uyğun şəkildə yerləşdirilməsi prosesi təmin edilir.

Qurumdan o da qeyd olundu ki, mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır:

“Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir. Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır”.

Qeyd edək ki, çağırışlar təcili və təxirəsalınmaz olmaqla çeşidlənir, çağırışın növünə və qüvvədə olan protokollara uyğun olaraq icra olunur. Gün ərzində icra olunan çağrışların sayı 2000-2500 civarında olur. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış yerlərinin olması, avtonəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi və çağırışların həddindən artıq çox olması ilə müşahidə olunan hallarda gecikmələrin olması qaçılmazdır.

Günəş Mərd

tag: Ambulans, İnsan, Təcili, Çağırış, TƏBİB, todaypress.az,