17 nömrəli avtobus niyə GECİKİR? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
07.09.2024 10:48
“17 nömrəli müntəzəm marşrut xətti üzrə 15 avtobus 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Günün pik saatlarında avtobusun keçdiyi küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən marşrut xəttində ləngimələr yaranır”.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TodayPress-in sorğusuna cavab olaraq bildirilib.
Qurumdan verilən məlumata görə, belə olan halda intervalda artım müşahidə edilə bilər:
“Diqqətinizə çatdıraq ki, daşıyıcılarla mütəmadi olaraq keçirilən görüşlərdə onlar qarşısında gündəlik xəttə çıxan nəqliyyat vasitələrinin sayının sərnişin təlabatına uyğun tənzimlənməsi ilə bağlı məsələ qaldırılır. Mövsümün başlaması ilə əlaqədar 17 nömrəli marşrutun daşıyıcısına da avtobus sayının artırılması tapşırılıb”.
Qeyd edək ki, bir müddət öncə sərnişinlər tərəfindən 17 saylı marşrut avtobuslarının ləngiməsi ilə bağlı TodayPress-ə şikayət daxil olmuşdu.
Günəş Mərd
tag: Avtobus, İnterval, Artım,Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Qanun,