1600 manatadək artırılan müavinət kimlərə ödənilir? – AÇIQLAMA

Cəmiyyət

13.05.2025 10:44

22

Bu ildən etibarən cəzaçəkmə müəssisəsindən azad edilən və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin məbləği artırılıb. 

TodayPress xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə bildirib ki, minimum əməkhaqqının artırılması ilə əlaqədar olaraq bu müavinət 1380 manatdan 1600 manatadək yüksəldilib.

Onun sözlərinə görə, bu müavinət cəzaçəkmədən azad olunmuş, lakin yardıma ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün mühüm sosial dəstək vasitəsidir.

Aparılan monitorinqlər göstərir ki, bu hüquqdan yararlanan vətəndaşların sayı hələ də aşağıdır.

"Halbuki, bu cəzaçəkmədən azad olunan vətəndaşların müavinət alması üçün vacib imkandır. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd mislindədir. Yəni, həmin şəxslərə 1600 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müavinətin verilməsi üçün şəxsin şəxsiyyət vəsiqəsinin surəti, penitensiar müəssisədən verilən azad olunma arayışı və məhkəmənin azadlığa buraxılma barədə qərarı təqdim edilməlidir. Qanunvericiliyə əsasən, müraciətə ən geci 10 gün müddətində baxılır, imtina hallarında isə səbəblər 5 gün ərzində yazılı şəkildə vətəndaşa təqdim olunur".

Deputat qeyd edib ki, bu hüquqdan əvvəllər istifadə etməyən şəxslərə də ödənişi almaq imkanı yaradılır.

Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Yəni, vətəndaş cəzaçəkmə müəssisəsindən son 3 ildə azad edilibsə və müraciət etməyibsə, o halda bu ödənişi almaq hüququna malikdir. 

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Müavinət,Ödəniş,Todaypress.az,

photo